Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- III fəsil

III FƏSİL
 Yeni il hədiyyəsi

1 il  3 ay öncə
Yeni il bayramını səbirsizliklə gözləyirdi Abdullayevlər ailəsi.  Ona görə ki, ailənin bütün üzvləri üçün bu ilin ən maraqlı və ən yadda qalan günü idi.  Hər biri həmin gün işləmədən azad olduğuna görə, ailə tam şəkildə yığışardı süfrə başına, dadlı təamlardan dadıb, bol-bol söhbət edərdilər. Başqa günlərdə yeni il günündə olduğu kimi bayram nəşəsi duyulmazdı.  Ailə başçısı –  56 yaş, həkim-cərrah Vüsal Abdullayevin də üzündə təbəssüm sezilərdi bu bayram günündə. Uşaqların bayram hədiyyələrini  Almaz xanım hazırlayardı. Əkiz qızlarının həddi-buluğa çoxdan çatmış olmaqlarına rəğmən, hər il, üzərində şaxta baba həkk olunmuş və Happy New Year sözləri yazılmış boz rəngli bağlamaları müxtəlif şirniyyatlarla, xüsusi suvenir və ya ətirlər, cürbəcür hədiyyələrlə doldurar və onların yeni ilini bu yolla təbrik edərdi. Yeganə oğulları olan Ramizə də eləcə.
 
-         A kişi nə istəyirsən eh, vaxtında qədrimi bil deyirəm sənə. Əlli manata lap Şah Abbasın bazarlığını eləmişəm. Masanın üstündə nəistəyirsən var-deyə evdarlıq işləri ilə yarışmağı sevən qadınlar kateqoriyasına aid olan Almaz xanım ərinə dedi – Nə olsun pajarnik qızı olmuşam, buna baxmayaraq, hesab işini lap kompyuter kimi bilirəm. Sənə deyirəm bu baş, bu əllər qızıldı qızıl. Vaxtında qədrimi bil.
Vüsal bu bekara lovğalıqdan təngə gəlib oğluna:
-         Ramiz, tez araqları boşalt bir vedrəyə, gətir bura!
Almaz xanım o dəqiqə reaksiya verib, yeməyi dayandırdı, çəngəli qırağa qoyub:
-         A kişi sənin başın xarab olub. Arağı tökməyə yer tapmadın?
-         Demirsən mən beləyəm, mən eləyəm. Sənin başın axı qızıldandı, deyirəm gələcək nəsillərə mütləq lazım olar, ona görə çürüməsin deyə elə indidən spirtin içində saxlayaq.
-         Ə sən nə sarsağ adamsan. Bu axmaq zarafatlarından heç vaxt xeyr gəlmir.
Mənzilləri səkkizinci mərtəbədə yerləşsə də, liftləri işləmirdi. Hər gün bu böyük məsafəni qət etməkdən lap idmançıya çevrilmişdilər. MİS-dən bu yaxınlarda söz vermişdilər ki, lift məsələlərinə baxan “müvafiq qurum” yaxın gələcəkdə bu məsələni çözəcək. Hələ ki, heç bir əncam çəkilmirdi.  Ən zülümü isə altıncı günlərə təsadüf edərdi, Vüsal həkim yarmarkadan aldığı 4-5 torba meyvə-tərəvəzlə evə qalxanda.
-         İndi day, bayramdı deyə danışmıram, ...bayram qurtaran kimi bu üstümüzdəki əclafı elə çalxalayacam ki, daxılında olan qəpik-quruşu da qoyacaq həmin kanalizasiya borusunun təmirinə.
-         Əşi qanını qaraltma bayram günü! Di ye salatdan.
Söhbət doqquzuncu mərtəbədə yaşayan İrəvan məcburi köçkünləri İsrafilgildən gedirdi. Bir neçə ay qabaq, Vüsal həkim deyəni “unitazın başına nə iş gətirmişdilərsə, birinci mərtəbəyə kimi bütün mənzillərdən keçən enli kanalizasiya borusu deşilmiş, nəticədə səkkizinci mərtəbədə yerləşən mənzillərin divarlarına sızmışdı. Nəmişlikdən Abdullayevlərin nəzir-niyazla etdikləri  iki il öncəki ümumi təmiri “yağlı şillə” yemişdi: yasəmən və nərgiz gülləri həkk olunmuş al-əlvan rəngli divar kağızları qaraltı verərək, şişmiş, bəzi yerlərdən qopmuş, üzlük şpaklyovka çatlaq verərək ovulmağa başlamışdı.
Şuba salatın hələ yeyilməmiş olduğunu görüb ağlından nəsə keçən Almaz xanım dizüstü kompyuterdə Hitman 3D oyununu oynayan oğlu Ramizə dilləndi:
-         Balamsan, deyirəm bəlkə bu bayram yeməklərindən bir-iki dilim qonşu Murada aparasan. Yazıqdır axı, yetim. Yeni ili kimsəsiz keçirir, tək bayquş kimi. Yəqin yeni ilə heç bir şey almayıb, həmişəki yarımfabrikat suplardan yeyir.
-         Eh mama, mənim o qaşqabağlı, özünnən razı gədədən heç xoşum gəlmir
-         Xoşun gəlmir, Allah rizası üçün elə, əl tutmaq Əlidən qalıb.
-         Hə,yaxşı  bezdirdin   eh,mama!  Ver aparım, nə aparacam.
Bayaqdan gözü sataşdığı təpə şəklində bütün qabı ehtiva edən qırmız-ağ rəngli “şuba” salatını götürüb oğluna uzatdı.
-         Onsuz da, nə atan  nə də qızların şubayla arası yoxdur. Hər il özümə söz verirəm ki, “ta bəsdir, bu dəfər hazırlamıram”, amma hər dəfə də yaddımdan çıxır.
-          Yaddınnan çıxmır eh, prosta qonum-qonşu xanımlar arasında sonra lovğalanasan ki, filan qədər salat bişirdim yeni ildə.
-         Vüsal gördün balaca yaramazın nə uzun dili çıxıb
Söhbətə ata – Vüsal həkim də qoşuldu:
-         Sən dediyin “balaca yaramazın” artıq on üç yaşı var.
-         Kişi elə səndə onun tayısan. Ramiz fırt eliyib burnundan düşüb. Ta sənə sözüm yoxdu.- üzünü Ramizə tərəf çevirib hədələyici tonda- di tez elə apar qonşunun payını.
Ramiz nədənsə ailə üzvlərini itirmiş özündən bir neçə “yeni il bayramı” böyük olan Muraddan yaman qorxurdu. Muradın kəskin soyuqqanlığı və təkbaşına sürdüyü həyat tərzi onu dəhşətə gətirirdi. Ötən il sentyabr aylarında podyezddə şahidi olduğu hadisədən  sonra Ramizin ona qarşı instinktiv hürküləri daha da artmışdı. Belə ki, günlərin bir günü dərsdən tez gəlib, (yuxarı mərtəbədə bircə Murad qalırdı, İsrafilgil hələ köçməmişdilər, Murad da həmin vaxtlar işdə olardı adətən) xəlvətcə yuxarıda papiros tüstülətmək fikrinə düşmüşdü. Pilləkanları tam qalxmamışdı ki, doqquzuncu mərtəbədən gələn qapı cırıltısı və sakit pıçıltı səsi eşitdi.  Yavaş-yavaş addımlarla, qozbel şəklində pilləkanları adlayıb yuxarı boylandı. Gördüyü şeyin gözlənilməzliyindən bir neçə dəqiqə yerindəcə key vəziyyətdə qalmışdı. Gördüyü isə o idi ki, anasının yazığı gəldiyi həmin yetim Murad öz mənzilinin qapısının arxasında durub, qulağını qapıya dirəmişdi. Sanki kimisə pusurdu.  Ramiz bilirdi ki, həmin evdə Muraddan başqa heç-vaxt heç kim olmurdu. “Kimi güdə bilər axı?”-deyə təşviş içində Ramiz dərhal aşağı düşdü. Lazımsız şahid olmaq istəmirdi.
Keçmiş əhvalatı yadda salıb, Muradın qapısının ağzına necə gəldiyini özü də hiss etmədi. “Şuba” salatı sağ əlində,  şadlıq evlərində qulluq edən ofisantlar tək saxlamışdı. İlk öncə qapını döyməyə tərəddüd etdi. Bilmirdi ki, onu içindən sıxan, doqquzuncu mərtəbənin tünd salyarka iyli ağır havası idi, yoxsa Muradın mistik surətiylə bağlı beyninə kök salmış xof. Qətiyyət ortaya qoyub, qapını üç ardıcıl tuqqultu ilə döydü. Bir cavab gəlmədi. İkinci dəfə bir qədər bərkdən döyməyi qərara aldı. TUK-TUK...üçüncü TUK-dan sonra qapı çərçivədən sanki bir qədər aralandı. Sən demə qapı bayaqdan açıq imiş.  Qapını aralasa da içəri girməyə qorxdu, başını içəri qorxa-qorxa dürtüb, “ Murad dayı! Ay Murad dayı, qonşudur eh, gəlməy olar?” –deyə səsləndi. Heç bir cavab çıxmadı. “Yəqin harasa çıxıb”-deyə düşündü. Əvvəl evə qayıtmaq istədi. Fikirləşdikdən sonra ki, belə olduğu təqdirdə anası bir neçə saatdan sonra (anası əqrəb bürcündən olduğu üçün əksər bu bürcdə doğulanlara xas olaraq çox tərs idi) onu yenidən bu vahiməli adamın yanına göndərəcək, qərara aldı ki, elə sovqatı masanın üstünə qoyub evə qayıtsın. “Qoy elə bilsin Şaxta Baba doğrudan da mövcuddur”-qorxunu neytrallaşdırmaq məqsədilə özünü əyləndirməyə çalışdı.   Qapını tam açıb içəri daxil oldu. Qapını örtməyib ala-qaranlıq dəhlizlə yaxında olan otağa doğru kor-koranə addımladı. Qonaq otağında sanki televizor yanılı qalmış kimi, mavi göy işıqlar yanıb-sönürdü. Həyəcan içində olduğundan ayağı qatlanmış kavralitə büdrədi, az qaldı əlindəki salat qabı qarışıq gəlsin üzü üstə yerə. Bir təhər müvazinəti saxlayıb özünü qonaq otağına çatdırdı. Evin pərdələri elə tünd parçadan idi ki, günəşi pəncərədən içəri ötəri baxmağa da qoymurdu. Otağa tez-bazar göz gəzdirən Ramiz əvvəl qorxmuşdusa gördüklərindən sonra bir az da rəngi qaçdı. Otaqda salat qabını qoymağa heç bir masa yox idi. Ümumiyyətlə televizoru çıxmaq şərtilə dörd divar və köhnə-didilmiş parketdən başqa heç bir şey yox idi.
-         Atana ləhnət Nataşa!- deyə dostları arasında təzələrdə dəb düşmüş məsəli işlətdi. Bilmirdi ki, bu qədər həyəcandan sonra evə qayıtsın, yoxsa işini sonraya qoymayıb, digər otaqlara da göz gəzdirsin ki, bəlkə salatı qoymağa yer tapdı. Axı nədə olsa bərəkəti yerə qoymaq olmazdı.
Birdən gözünə televizorun ekranında gedən görüntü sataşdı. Əvvəl elə diqqət yetirmədiyindən elə bilmişdi ki, sadəcə olaraq televiziya kanallarından birinə qoşulub. Ekranda gedən isə köhnə lent yazısı idi. Muradgilin ailəsinin xatirə kasetləri. Çox güman ailənin birgə çəkdirdiyi sonuncu video yazı idi. Belə ki, bütün ailə üzvlərinin bir masa arxasında olması, ekranın aşağı sol küncündə tarix yerində ağ şriftlərlə göstərilən 12/05/2005 yazısı buna sübut ola bilərdi. Murad lentdə çox gülərüz və şadiman görsənirdi. Lenti yazıya alan operator  (çox güman elə öz qardaşı  İsmayılidi)  demək olar ki, yalnız şıltaqlıq edən, deyib gülən, gah anasını gah da atasını qucaqlayan, çox səliqəli geyinmiş və şıqq görünən Muradı obyektivə alırdı. Desəydilər ki, ailə üzvlərini itirməzdən əvvəl Murad belə gözəl enlikürək dəliqanlı idi, heç inanmağı gəlməzdi. Axı 2005-ci ildə,(o vaxtlar Muradın bütün ailə üzvləri həyatda idi) Ramizin özünün hələ balaca idi. Azyaşlı uşaq isə ətrafda olanları qeyri-iradi və iradi psixoloji təhlil etmir. Ona görə ömründə Muradı belə nikbin görməmişdi. Hal-hazırkı Murad qaş-qabaqlı, solğun sifət, sifətinə çıxan tüklər necə gəldi çıxan, səliqə-səhmansız bir sirli gədə idi. Sanki gipnoz altında bir neçə dəqiqə gözlərini həmin yazıdan ayırmadı. Ta,....
“Tarrraaaappp....” elə bil Ad qövmünün başına gələnlər təkrarlandı həmən otaqda.   Dəhlizdə olan antresoldan çox ağır bir şeyin döşəməyə düşdüyünü hiss etdi. Ramizə elə gəldi, ürəyi bu dəqiqə ağzından bayıra çıxacaq. Yerində qurumuş şəkildə durub sadəcə, hündür məsafədən iki qıçı üstə döşəməyə tullanıb, tədricən adi duruş vəziyyətinə qayıdan qara siluet tərəfə baxdı. Siluetin isə kimə məxsus olduğunu tapmaq o qədər də çətin gəlmədi Ramizə. Yalnız bircə kəlmə eşitdi qaranlıqdan peyda olmuş siluet tərəfdən:
-         İndi də səni göndəriblər...insanları necə aldatdığınız mənə məlumdur? Bu suiqəsdin üstünü axır-əvvəl açmalıyam.
Ramiz mürəkkəb cümlələrdən bir şey anlaya bilmədi. Siluetin bayaqdan arxasında gizlətdiyi parıltılı alət aydınca görsəndi. Bu təp-təzə polad qaz açarı idi. Siluet Ramizə tərəf o qədər çevik şəkildə hərəkət etdi ki, Ramiz heç qımıldamağa da macal tapmadı. Hörümçək toruna düşmüş və zəhəri ilə paralizə olunmuş şikar tək qatilinin gözlərinə baxdı. Siluetin Murad olduğuna əmin olmuşdu ki, son sözünü demədən gözlərini həmişəlik yumdu.
Davamı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- II fəsil

II FƏSİL

 UNUTMA!!!

İmranı telefon zəngi yuxudan oyatdı. Nədənsə çox həyəcanlı idi. Yerindən qalxanda prostinanın tər-su içində olduğunu hiss olunurdu. Distansion panasonic telefon isə artıq dördüncü dəfə idi ki, dınqıldayırdı. İmrana çox qəribə gəldi ki, telefon yanında olduğu halda, səsi mətbəx tərəfdən gəlirdi. Həm də, adi şəhər telefonuna zəng gəlsə də, telefonu balışının yanında olan mobil telefonun “Nokia” adlı zəng tonunu  çıxarırdı. Axı adi telefonda belə zəng çalarları olmur. Nədənsə əmin idi ki, bu məhz ev telefonundan çıxan zəngin səsi idi. Ayağa qalxmağı ilə mətbəxə daxil olmağı bir oldu. Gözləri qırpmaqla artıq telefon əlində idi. İmran baş çıxara bilmədi ki, bu neçə gün yuxusuzluğun nəticəsidir yoxsa onun başına doğrudan da hava gəlir. Belə sürətli şəkildə hərəkətlər etmək çevik milçəklərə belə qismət olmurdu. Hələ bu fikirlərdən ayrılmamışdı ki, telefonun “TALK” düyməsini necə basdığını özü də bilmədi. Sanki ruhu başqa bir kəsin bədəninə girmişdi və hərəkətlərini başqası idarə edirdi. Xəttin o biri tərəfindən çox sakit şəkildə danışan yaşlı bir adamın səsi eşidildi.

-         Sən deyəsən məsələnin nə qədər ciddi olduğunu bilmirsən. Beş saniyəyə pulları çatdırmasan qardaşının başının necə kəsildiyini öz qulaqlarınla eşidəcəksən

-         Bir-İki-....

İmranın ürəyi az qala partlayacaqdı. Beş saniyəyə pulu naməlum yerə- bəlkə də kilometrlərlə uzaq məsafəyə çatdırmaq, bu nə ağılasığmaz fikir idi belə-deyə İmran təlaş içində fikirləşdi. Üçüncü saniyə eşidilməmişdi ki, xəttin o biri ucundan qardaşının fəryadı eşidildi.

-         İmran qurban olum, bunları qoyma...qoyma məni öldürsünlər.


Ardı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- I fəsil

I  FƏSİL
 Daimi müştəri



Üç ay əvvəl
Önündən ötüb keçənlərin tezliyinə gözləri alışmışdı. Piştaxtanın önündən keçən piyada yolunda yalnız nahar vaxtlarında və ya axşam üstü ötüb keçənlərin sayı seyrəlirdi.  Rüstəm kişi çox insanlılığa öyrəşmişdi artıq.  Daima müxtəlif temperament və xasiyyətli insanlarla ünsiyyət, onların gündəlik davranışlarına müşahidə Rüstəm kişidə böyük psixoloji üstünlüklər yaratmışdı. İnsaların himini də, cimini də bilirdi. Düz on il idi ki, bayram və istirahət günlərini çıxmaq şərtilə həyatının əksər saatlarını bu qəzet-jurnal qasidində keçirirdi. Şəhərin mərkəzi yerlərindən olan Azadlıq prospektindən belə köşkü əldən verməmək üçün dəridən-qabıqdan çıxmışdı işgüzar Rüstəm kişi.
Yanvarın üçü hələ də bayram günü olmasına rəğmən, evdə oturmaqdan təngə gəlib, iş yerinə getdi. Son günlərdə qızını evlilik, oğlunun ali təhsil haqqı məsələsi, digər oğlunun – beyin pozuntuları olan əlil oğlunun gələcəyi barədə çox götür-qoy edirdi. Bununla belə    bekar vaxtlarında hər zaman, bir neçə ay bundan qabaq ilk dəfə piştaxtasına yaxınlaşmış 25-30 yaşları arasında olan və həftədə üç kərə müştərisi olmasına rəğmən adını gizli saxlayan daimi müştəri haqqında fikirləşirdi. Onu ilk dəfə görənədək, Rüstəm kişi elə düşünürdü ki, “elə bir insan olmaz ki, onun maska altında gizlətdiyi həqiqi simanı müəyyən etməsin. Ancaq bu müəmmalı müştəridən sonra onun bu məğrurluğunu sanki dənizin dibinə batırdılar.
-         Ataş dünən xəbərin oldu da, dünən Bakıda yeni peyda olmuş manyakı tutdular. Gecələr qaranlığa düşmüş cavan qızları xüsusi zorakılığla öldürürdü, yaramaz. Bir işə bax ki, hamsını xüsusi kəmərlə boğub öldürürmüş.
-         Xəzər Xəbərdə baxdın?
-         Hə… Bütün cinayətlərini boynuna alıb. Amma özü deyəni, heç də peşman olmayıb çirkin əməllərindən. Deyir buraxsalar yenə də həmin işlərlə məşğul olacam. Beləsini bir dəfə yox beş dəfə asmaq da azdı. Sonradan məlum oldu ki, həmin manyak bir neçə il bundan əvvəl boşanıbmış. Heç toyundan bir-iki həftə keçməyib ki, arvadı ondan ayrılıb. Oğlan impatent ola ola valideynləri güc-bəlayla onu evləndirmişdilər. Öz oğulları cəhənnəmə, oğullarının çatışmamazlığını toy-düyünlə örtbasdır etmək üçün  yazıq qızı bədbəxt etdilər
-         Sən Allah!
-         Qız isə axırı dözməyib, boşanmağı qərara aldı. Dediyinə görə, aralarında heç nə olmasa idi belə, ömrü boyu ona dözərdi. Bircə onun özündə şəhvət yaratmaq üçün etdiyi çirkin işlərdən başqa.  Yazıq qızın belində siqaret söndürür, ağız-burnunu yumruqlayır, ayıbçı yerlərini isə iti dırnaqları ilə cırmaqlayırdı.  Ayrılsalar da qız bu barədə məhkəmədə danışmadı. Axı gəlin öz qohumlarından idi. Ancaq arvadı üzərində sado-mazaxist tələbatlarını artıq ödəyə bilməyən manyak, bir neçə aydan sonra beləcə ilk qurbanını xüsusi zorakılıqla öldürdü...Sən bir gör...
 
-deyə Rüstəm kişinin cümləsi ağzında qalmışdı ki, Rüstəm kişinin bayaqdan fikirlərində oynayan adsız “daimi müştəri” gəldi. Havanın o qədər də soyuq olmamasına baxmayaraq,  başında qara qış papağı var idi. Üstündə “Force” deyə yazılmışdı.   Uzunsov və qeyri-simmetrik sifəti, sağa tərəf sınmış burnu və balaca qonur gözləri vardı. Gözlərinin altında bir qədər qaraltı sezilirdi. Görünür yuxudan bu gün gec durmuşdu. Bəlkə hərəkət etməsəydi kənardan baxan bilə-bilməzdi ki, bu adam canlıdır yoxsa cansız. Sifət əzələləri sanki işləmirdi. Bununla belə iti və qorxulu baxışları vardı. Rüstəm kişi həyatında çox  qəribə və qorxunc şeylər görmüşdü. Bununla belə, sakit və kənardan təhlükəsiz görününən bu müştərisindən çox çəkinirdi. Özündən asılı olmayaraq qan təzyiqi artırdı. Tez-tez udqunur, ağzı quruyurdu. Özü də bilmirdi niyə?
Azdan çoxdan Ataş da bu qəribə müştəri haqqında Rüstəm kişidən eşitmişdi. Ona baxan ilk andan hiss etdi ki, bu elə Rüstəm kişinin, haqqında həyəcanla danışdığı həmin “müştəridir”.  Köşkün qəzet, jurnal qoymaq üçün nəzərdə tutulmuş taxta panelinin qabağından çəkilib, həmin müştəriyə yol verdi.
“Müştəri” Ataşa əhəmiyyət verməyərək satıcını görə bilmək üçün başını budkanın pəncərəsinə əydi. Salamlaşmadan birbaşa gəlişinin məqsədinə keçdi.
-         26 dekabr gününə olan qəzetləri zəhmət olmasa!
-         Srağa gün gəlməmişdin, bəlkə ayın 23-nə olan Azadliq, Müsavatı da aparasan.
-         Yox. Bunlar kifayət edər.
 Rüstəm kişiyə çox maraqlı idi ki, həmin “müştəri” çərşənbə günü qəzetlərin dalınca niyə gəlməmişdi. Axı o hər üç gündən bir gəlib, bir həftə əvvəlki qəzetləri alırdı. Rüstəm kişi hər birinci, üçüncü  və altıncı gün  satılmayıb boynuna qalan əsas qəzetlərdən beş-altısını kitabların arasında gizlədib, düz bir həftədən sonra almağa gələcək müştəri üçün saxlayırdı. Rüstəm kişi bu qəzetləri hər dəfə ona ümumilikdə  1 manatdan satırdı. Ancaq baş aça bilmirdi ki, bu köhnə, yalnız Tofiq Bəhramov adına stadionda möhtəşəm maçlar keçirilən zaman oturacaq üstü kimi istifadə olunan lazımsız, keçmiş zamanı təmsil edən qəzetlər həmin adamın nəyinə lazım idi.
Qəzetləri götürmək  üçün qabağı əyiləndə, “müştəri”dən çox şirin, vişnə iyinə yaxın ətir qoxusu gəldi. O qədər tünd və şirin idi ki, Channel qadın ətirlərini iyini verirdi. Rüstəm kişi “müştərini” tanıyanı, o bir dəfə də ətir vurmamışdı indiyənə kimi. Bəs indi nə oldu? Altıncı hiss ona müştərinin həyat tərzində nəinsə dəyişdiyini  pıçıldayırdı.
Qəzetləri götürüb gözlərini Rüstəm kişidən ayırmadan, bir manatı ona uzatdı. Qəzetlər artıq əlində olan salafan bağlamada olsa da yerində durnuxub qalmışdı. Görürür nəisə demək istəyirdi. Ancaq tərəddüd edirdi. Birdən qəti qərara gəlib dedi:
-         Sizdən bir, xahişim var...Mənə necə ki, bu qəzetləri yığıb satırsız, eləcə də televiziya kanallarından bir neçəsindən hər həftə  3-4 video kasetə yazın, məsələn,  bir gün Xəzər kanalının xəbərlərini yazın, sabahı gün ANS-dən bir şey götürün, o da bir saat, nə bilim eh ATV-də idman xəbərlərini, lap istəsəz şoubiznez verlişlərini də yaza bilərsiz. Buna görə Sizə hər həftə 20 manat verərəm. Lap kasetləri almaq da özümdən. – tez-bazar bağlamadan üç boş VHS kaset çıxarıb, donub qalmış Rüstəm kişinin önünə qoydu.  - Sizdən nə gedirki?
Rüstəm kişi xeyli fikirə getdi. “Görəsən bu nəçidi belə"-deyə ağlından bu adamın şəxsiyyəti haqqında qorxunc fikirlər keçdi.  Rüstəm kişi artıq güman edirdi ki, bu gənc yaramaz hansısa ölkənin agenturasına işləyir. Ancaq bir şey də var idi ki, agenturanın nəyinə lazım axı Rüstəm kişi kimi lazımsız şahidləri işə cəlb etsin. Həm də ki, iyirmi manat da son günlər üçün az pul deyildi.
-         Mənin başım çıxmır, yəni sənin özündə video-televizor yoxdu?
-         Var...
-         Onda balamsan, özün yaz da elə.
-         Mənə televizora baxmaq olmaz. Nə isə çox danışdım. Razısan ya yox?
-         Nə bilim...Evdə video var, bircə bilmirəm onunla zapis eləmək olur ya yox. Olsa “HƏ”, razıyam.
Bayaqdan müşahidəçi mövqeyi tutan Ataş, “müştərinin” nə qədər ciddi şəxs olduğunu qavramayıbmış kimi, məzəli tonda:
-         Qağa,  bu gün yanvar ayının üçü ola-ola, keçən ilin qəzetlərini niyə oxuyursan? –soruşdu. Bircə sual kifayət etdi ki, “müştəri” bağlamanı da yerə atıb Ataşın üstünə cumsun. Ataş belə reaksiyanı gözləmədiyindən yerində keyiyib qalmışdı, eləcə onu tutub başını bir neçə dəfə köşkün reşotkasına vuran “müştəriyə” zəlilcəsinə baxırdı.  Artıq başını dördüncü dəfə dəmirə vuracaqdı ki, Rüstəm kişi tez özünü çatdırmağa çalışdı. Çox gec idi. Huşunu itirib yerə sərilmiş Ataş “müştərinin” ardıcıl, amansız təpiklərini yeyirdi.
-         Allah xatirinə, dayan vurma- deyə Rüstəm kişi “müştərinin” qoluna girib onu cilovlamağa çalışdı.
-         Öl donuz!....Bu gün yanvarın üçü deyil. Bu gün yanvarın üçü deyil –deyə hey təkrarlayırdı.
-         Özüvü əla al- deyə  Rüstəm kişi “müştərini” bir təhər aralaşdırdı. Yoldan keçən biri hadisəni görüb yerə sərilmiş Ataşı qaldırıb üst-başını təmizlədi. Bir neçə dəqiqəyə “müştəri” də sakitləşdi. Sanki heç bir şey olmayıbmış kimi, əvvəlki quru sifəti almışdı. Əlini cibinə atdı, nəisə eşələyib oradan bir şey çıxarıb ovucunda gizlətdi. Rüstəm kişiyə əl uzatdıb, ovucda olanı onun ovucuna ötürdü.
-         Olanlara görə üzr istəyirəm,...hesab et ki, heç bir şey olmayıb. İnşallah həftənin axırı kasetlərin dalınca gələcəm- deyib sakit şəkildə köşkdən ayrılıb 28 may istiqamətində hərəkət etdi.
Ovucunu açanda Rüstəm kişi orada olana çox heyrətləndi. “Müştəri” ona üzrxahlıq ifadəsi kimi, cağbacağ 300 manat pul vermişdi.  Rüstəm kişi də alver sahəsində böyük təcrübəsi olduğundan elə “alverçi” vərdişləri ilə bu üç kağız parçası naminə bütün olan qalmaqalları unutdu. Hələ üstəlik Ataşın özünə gəldiyini görüb.
-         Dur cəhənnəm ol burdan, sən mənim klientlərimi niyə qaçırırsan axı. Axmaq! Bir də səni buralarda görməyim. –deyə onsuzda ayaq üstə qırxı çıxan Ataşı öz işinin dalınca göndərdi.
 
Davamı →